BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 17,45 ton məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 8 ton tərəvəz, 4 ton kartof, 3 ton meyvə, 15 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə quş əti 4 manat-4 manat 20 qəpiyə, alma 1 manat-1 manat 20 qəpiyə, armud 1 manat 50 qəpiyə, gilas 1 manat-1 manat 20 qəpiyə, ərik 1 manat-1 manat 50 qəpiyə, bal 9-10 manata, gavalı, pomidor 80 qəpik-1 manata, kartof, xiyar 30-60, çuğundur, badımcan 60-80, yerkökü 50-70, kələm 40, soğan 20-30, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkaya Salyan, Qusar, Dəvəçi, Oğuz və digər rayonlardan 46 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
İki gün davam edəcək satış yarmarkaları qonşuluqdakı ticarət mərkəzində satılan kənd təsərrüfatı məhsullarının da qiymətlərinə təsir etmişdir. Artıq bu orada da pomidor, xiyar, gilas, çiyələk və alçanın qiymətində ucuzlaşma müşahidə olunur.
Qusardan kartof gətirmiş Lazım Vəliyev bildirdi ki, son bir neçə ayda burada 4 tona yaxın məhsul satmışdır, yaradılmış şəraitdən razıdır.
Yarmarkada pomidorun kiloqramı 80, xiyar, soğan 40, kartof 50-60 qəpiyə, alça, gilas 80 qəpik-1 manat 50 qəpiyə, alça 80 qəpik-1 manata, çiyələk 1 manat-1 manat 60 qəpiyə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan və digər rayonların fermerləri alıcılara 5 tondan çox meyvə-tərəvəz, Hacıqabul Quşçuluq Fabrikinin nümayəndələri isə 3 min 600 ədəd yumurta təklif edirdilər.
Yarmarka ərazisində alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsudan 11,5, Qazaxdan 14,4 ton meyvə-tərəvəz və süd məhsulları gətirilmişdir. Burada kartofun kiloqramı 30, xiyar 20, lobya 40-45 qəpiyə satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada satışa Goranboy, Bərdə və Ağstafadan gətirilmiş və bazardakından 40-45 faiz ucuz qiymətlərə kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Məlumat verildiyi kimi, əvvəllər Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində fəaliyyət göstərmiş yarmarka həmin rayonda yeni ünvana (Əlyar Əliyev küçəsi, 26) köçürülmüşdür. Rayon icra hakimiyyətinin nümayəndəsi Zülfüqar Qasımov bildirmişdir ki, ünvanın dəyişdirilməsi buraya gətirilən kənd təsərrüfatı məhsullarının çeşidinin artırılması, alıcılara göstərilən xidmətin daha da təkmilləşdirilməsi ilə əlaqədardır. 600 kvadratmetr sahəni əhatə edən geniş, sanitar tələblərə cavab verən yeni yarmarkada lazımi satış yerləri yaradılmış, ətin, yumurtanın, süd məhsullarının və digər tez xarab olan malların saxlanılması üçün soyuducular qoyulmuşdur. Lakin alıcılar yeni ünvanı tanımadıqları üçün burada alış-veriş çox sönük gedirdi. Xaçmaz, Tərtər, İmişli, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri də alıcı qıtlığından ehtiyat edərək satışa az məhsul çıxarmışdılar.
######
![]() |
![]() |

