BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 14 ton məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 6,4 ton tərəvəz, 3 ton kartof, 2,15 ton meyvə, 10 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 4 manat-4 manat 20 qəpiyə, alma 1 manat-1 manat 20 qəpiyə, armud 1 manat 50 qəpiyə, gilas 1 manat-1 manat 20 qəpiyə, ərik 1 manat-1 manat 50 qəpiyə, bal 9-10 manata, gavalı, pomidor 80 qəpik-1 manata, kartof, xiyar 30-60, çuğundur, badımcan 60-80, yerkökü 50-70, kələm 40, soğan 20-30, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilən məhsulların çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, şənbə və bazar günləri burada ümumilikdə 189,5 ton məhsul, o cümlədən 33,9 ton kartof, 16,5 ton ət, 24 ton meyvə, 7 ton ağartı və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Alıcılar qiymətlərin münasib olduğunu bildirirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şəhər sakinləri həvəslə bazarlıq edirdilər. Məhsulların qiymətləri bazardakından xeyli ucuz idi. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirmişdir ki, rayonun fermerləri satışa 3,5 ton kartof, 5 ton meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları gətirmişlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Bərdə və Ağstafa fermerləri satışa müxtəlif çeşiddə bol məhsul çıxarmışdılar. Burada lobya, kartof və heyvandarlıq məhsullarının alıcıları çoxluq təşkil edirdilər.
İşçi qrupunun rəhbəri Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkalara, ümumilikdə, 37 tondan çox məhsul gətirilmiş və satılmışdır.
Məlumat verildiyi kimi, əvvəllər Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində fəaliyyət göstərmiş yarmarka həmin rayonda yeni ünvana (Əlyar Əliyev küçəsi, 26) köçürülmüşdür. Alıcılar bu ünvanı hələ tanımadıqları üçün burada alış-veriş sönük gedirdi. Xaçmaz, Tərtər, İmişli, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri də alıcı qıtlığından ehtiyat edərək satışa az məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, müvəqqəti fəaliyyətsizlik yaxın günlərdə aradan qalxacaq, burada işlər əvvəlki ritmə qayıdacaqdır. Müxtəlif rayonların fermerləri ilə danışıqlar aparılmış, məhsulun çeşidi və çəkisinin artırılması üçün zəmin yaradılmışdır.
######
![]() |
![]() |

