BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 20-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 16,13 ton məhsul, o cümlədən 1,4 ton ət, 0,2 ton ağartı, 4,5 ton tərəvəz, 3 ton kartof, 3,5 ton bostan məhsulları, 3,5 ton meyvə, 4 min ədəd yumurta, 30 kiloqram bal gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80-4 manat 20 qəpiyə, bal 9-10 manata, alma 40-60, armud 40-80, çuğundur, yerkökü, kələm 60, gavalı, pomidor, lobya, badımcan, kartof, soğan 30-40, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada əhaliyə müxtəlif çeşiddə meyvə-tərəvəz, ət və süd məhsulları, o cümlədən badımcan, kartof, soğan, kələm, kök, şaftalı, xiyar, qarpız, armud, alma, mal, qoyun və toyuq əti təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirmişdir ki, Şəmkir, Salyan, Quba, Ağcabədi, Kürdəmir, Qəbələ və digər rayonların fermerləri yarmarkada satışa 306 tondan artıq məhsul çıxarmışdılar. Burada qiymətləri bazardakından 25-30 faiz ucuz olan həmin məhsullar həvəslə alınmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermerləri 53 tondan çox meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar satmışlar. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri qiymətləri bazardakından 25-30 faiz ucuz olan 7 tondan çox məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, rayonun fermerləri satışa 1,7 ton pomidor, 6,2 ton kartof, 800 kiloqram badımcan, 1 ton xiyar, digər çeşiddə meyvə-tərəvəz və süd məhsulları çıxarmışlar.
Ümumiyyətlə, şənbə və bazar günləri yarmarkada Qazax rayonunun fermerləri 14, Ağsu rayonunun fermerləri isə 12 tondan çox məhsul satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara Bərdə, Goranboy və Ağstafadan gətirilmiş 16 tondan artıq lobya, badımcan, qarpız, kələm və başqa məhsullar təklif olunmuşdur.
######
