BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, həmin gün burada qiyməti bazardakından 20-25 faiz ucuz olan 16,72 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 5 ton tərəvəz, 3 ton kartof, 3 ton bostan məhsulları, 4 ton meyvə, 8 min ədəd yumurta, 20 kiloqram bal satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada şəhər sakinləri satışa çıxarılmış meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar. İşçi qrupundan bildirmişlər ki, şənbə və bazar günləri burada Ağcabədi, Şəmkir, Salyan və digər rayonların fermerləri alıcılara 307 tonadək məhsul təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermərləri iki gün ərzində 60 tondan çox məhsul satmışlar. Alıcılar qiyməti bazardakından 30-35 faizə qədər ucuz olan meyvə-tərəvəzin, bitkiçilik məhsullarının, ət-süd məmulatlarının, konservlərin keyfiyyətindən də razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 8 tondan çox məhsul çıxarmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada əhaliyə Ağsu və Qazax rayonlarından gətirilmiş təzə pomidor, kələm, qarpız, kök, lobya, badımcan, digər kənd təsərrüfatı məhsulları təklif edilmişdir. Sakinlər burada satılan meyvə-tərəvəzi və süd məhsullarını daha həvəslə alırdılar.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayevin verdiyi məlumata görə, şənbə və bazar günləri burada 28 tondan artıq məhsul satılmışdır. Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da alıcılar satışa çıxarılmış kənd təsərrüfatı məhsullarının qiymətindən və keyfiyyətindən razılıq edirdilər.
İşçi qrupunun rəhbəri Qadir Həsənov yarmarkaya Bərdə, Goranboy və Ağstafadan 14 tonadək kənd təsərrüfatı məhsullarının gətirildiyini bildirmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi, 26-da açılmış yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Beyləqan, Oğuz, Daşkəsən, Neftçala və digər rayonların fermerləri şənbə və bazar günləri satışa 32,1 ton meyvə-tərəvəz, ət və süd məmulatları, konserv məhsulları çıxarmışlar. Giləzi broyler fabrikinin nümayəndələri alıcılara quş əti və 10 min ədəd yumurta təklif etmişlər.
######
