BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 16 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Qoyun ətinin kiloqramı 4 manat 50, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə, kök 60-80, xurma 40-70, badımcan 50-70, alma 30-60, kartof və soğan 30-40, yumurtanın biri 10 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada sakinlər Quba, Salyan, Şəmkir, Kürdəmir, Biləsuvar, Qəbələ, Ağcabədi və digər rayonlardan gətirilmiş məhsulları həvəslə alırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada satışa 44 ton kartof, 109 ton meyvə, 6 ton ət və digər məhsullar çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada iki gün ərzində Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 62 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri bazardakından ucuz 6,5 ton məhsul satmışlar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan gətirilmiş 72 tondan çox məhsul çıxarılmışdı.
İmişli quşçuluq fabrikindən gətirilmiş quş əti daha çox alınırdı. Müəssisənin satış müdiri Fərhad Mehdiyevin sözlərinə görə, iki gün ərzində burada 500 kiloqramdan çox məhsul satmışdır.
Alıcılardan Sona Məmmədova, Şahnaz Qasımov bildirdilər ki, burada təklif edilən məhsullar qiymətinə və keyfiyyətinə görə bazardakından qat-qat üstündür.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu rayonlarının fermerləri təzə meyvə-tərəvəz, bostan və süd məhsulları təklif edirdilər. Burada şəhər sakinləri almanı, narı, kələmi, xiyarı, çuğunduru, kartofu, lobyanı, xurmanı və digər çeşiddə olan kənd təsərrüfatı məhsullarını münasib qiymətlərə ala bilirdilər. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada 20 tonadək məhsul satılmışdır.
Həmin gün Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboydan gətirilmiş kənd təsərrüfatı məhsulları da ucuz qiymətlərə satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyev bildirmişdir ki, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri alıcılara 37,4 ton kənd təsərrüfatı məhsulları təklif etmişlər. Burada kartof, kələm və balqabağın kiloqramı 40 qəpiyə, baş soğan 30, pomidor, badımcan, xurma, armud 50, nar 60, kök 80 qəpiyə, üzüm 1 manat, 20 qəpiyə, qoyun əti 5 manata, mal əti 4 manat 50, quş əti 3 manat 70 qəpiyə, yumurtanın ədədi, göyərtinin dəstəsi 10 qəpiyə satılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada səliqə-sahmana və asayişin bərpa olunmasına nəzarət edirdilər.
######
![]() |
![]() |

