BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 19 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu təklif olunurdu. Mövsümlə əlaqədar məhsulların çeşidi dəyişmişdi. Kələm, xurma, heyva, əzgil, feyxoa, portağal, qaragilə və başqa məhsullar çoxluq təşkil edirdi.
Sabirabaddan Xosrov Mehbalıyev və Şöhrət Mehbalıyev 2 tona yaxın kartof, soğan, xurma, xiyar, nar gətirmişdilər. Onlar bu məhsulları paytaxt sakinlərinə ucuz qiymətə təklif edirdilər. Şöhrət Mehbalıyev dedi ki, alıcılar bizi yaxşı tanıyırlar. Münasib qiymətə satdığımız məhsulları həvəslə alırlar. Ona görə də gətirdiyimizin çox hissəsini artıq satmışıq.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara və digər rayonların fermerləri alıcılara 71 tondan çox məhsul təklif edirdilər.
Alıcı Vəli Dadaşov bildirdi ki, hər həftə buradan ət alıram, keyfiyyəti də qiyməti də məni razı salır. Bu işi təşkil edənlərə minnətdarlığımı bildirirəm. Firəngiz Cabbarova da burada alış-veriş etməyə üstünlük verir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Salyan, Ağdaş, Sabirabad, Masallı və digər rayonlardan gətirilmiş 21 ton məhsul çıxarılmışdı. Ağdaş rayonundan 800 kiloqram xurma, əzgil, nar, heyva gətirmiş Gündüz Rəhimov yarmarkanın təşkilatçılarına minnətdarlıq edərək dedi ki, bu məhsulları 30-50 qəpiyə satıram, heç bir problem yoxdur və alıcılar qiymətlərdən razıdırlar.
Qubalı Z.Əsgərovun, qəbələli İlham Şeydayevin təklif etdikləri meyvə-tərəvəzin də alıcıları çox idi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada sakinlərə kələm, kartof, çuğundur, alma, nar, xiyar, lobya, soğan və digər meyvə-tərəvəz təklif olunurdu. Bu məhsullar ucuz qiymətlərə satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün Qazax və Ağsu rayonlarının fermerləri yarmarkaya 20,6 ton məhsul gətirmişlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa fermerləri alıcılar üçün münasib qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 49,8 ton kənd təsərrüfatı məhsulları gətirilmişdir. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuzdur. Alıcılar meyvə-tərəvəzi, ağartını və konservləşdirilmiş məhsulları həvəslə alırlar.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada sanitar təmizliyə və qayda-qanuna nəzarət edirdilər.
######
![]() |
![]() |

