BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 13 tondan çox müxtəlif çeşidli meyvə-tərəvəz çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, şənbə və bazar günləri yarmarkada 33 tondan çox məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində məhsul bolluğu diqqəti cəlb edirdi. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada alıcılara Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş 94,4 ton tərəvəz, 50 ton kartof, 113 ton meyvə, 6 ton ət, 4,5 ton ağartı və s. təklif edilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri 66 ton məhsul satmışlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Alıcılara geniş çeşiddə meyvə-tərəvəz, bitkiçilik, ət-süd məhsulları, konservləşdirilmiş məmulatlar təklif edilmişdir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 6 ton məhsul çıxarmışlar. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Şənbə-bazar günləri Qazax və Ağsu rayonlarının fermerləri Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada əhaliyə 21 tonadək məhsul təklif olunmuşdur. Burada müxtəlif çeşidli meyvə-tərəvəz, süd və bostan məhsulları bazardakından 25-30 faiz ucuz qiymətlərə satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri ucuz qiymətlərə kartof, kələm, nar, çuğundur, kök, digər məhsullar satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, iki gün ərzində Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarındangətirilmiş 49,8 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Alıcılar meyvə-tərəvəzin, bitkiçilik məhsullarının, ət-süd məmulatları və konservləşdirilmiş məhsulların keyfiyyətindən də razı qalmışlar.