BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 18 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu təklif olunurdu.
Qəbələdən Mürvət Mürsəlov 6 tondan çox qoz, fındıq, alma, armud, xurma və heyva gətirmişdir. Hər həftə məhsul gətirdiyini deyən Mürvət, indiyədək yarmarkalarda 100 tondan çox məhsul satdığını bildirdi. Gədəbəydən 5 ton kartof gətirmiş Kamran Əliyev kiloqramını 30-40 qəpiyə təklif edirdi. Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.
Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-3 manat 80 qəpiyə, kök 60-70, xurma 50-70, alma 30-60, kartof və soğan 30-40, yumurtanın biri 10 qəpiyə satılırdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara rayonlarından satışa 73 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi dedi ki, rayonların icra hakimiyyətləri ilə müntəzəm əlaqə saxlanılır, alıcıların tələbatına uyğun olaraq satışa meyvə-tərəvəz, toyuq, mal və qoyun əti, ağartı, bostan məhsulları ilə yanaşı, müxtəlif şirniyyat məmulatı, mürəbbə, şirə, konserv məhsulları da çıxarılır. Müşahidələr göstərir ki, şənbə-bazar günlərində buraya 25-30 mindən çox alıcı gəlir. Deməli, yarmarkalar həm alıcıları, həm də fermerləri razı salmışdır.
Yarmarkaya Xaçmaz və Salyandan xurma da gətirilmişdi. Salyan rayon sakini Səlim Abdullayev dedi ki, xurmanın kiloqramını 60 qəpiyə təklif edirəm. Gətirdiyim 500 kiloqram məhsulu həyətyanı sahədə yetişdirmişəm.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Salyan, Ağdaş, Sabirabad və digər rayonlardan gətirilmiş 26 tondan çox məhsul təklif olunurdu.
Şəmkir rayonunun Çaparlı kəndindən gəlmiş İlham Babayev deyir ki, yarmarkaya 7 hektar sahədə becərdiyimiz 3 ton 200 kiloqram kələm, 200 kiloqram çuğundur, 220 kiloqram kök gətirmişəm. Qiymətlər münasibdir. Kələmin kiloqramını 25-30, çuğunduru və kökü isə 50 qəpiyə təklif edirəm. Yaradılan şəraitə görə təşkilatçılara minnətdaram.
Alıcılar yarmarkaların davamlı təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 68 tona yaxın məhsul çıxarmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 7 tona yaxın məhsul çıxarmışlar. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkaya çıxarılan məhsulların çeşidi artırılmışdır. Satılan məhsulların qiyməti bazardakından 30-40 faiz ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatı, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
M.Rüstəmovun dediyinə görə, budəfəki yarmarkada Samux, Cəlilabad, Biləsuvar, Balakən və Gədəbəy rayonlarının fermerləri daha fəaldırlar. Qarşıdan gələn bayramlarla əlaqədar olaraq dekabrdan başlayaraq yarmarkalara çıxarılacaq məhsulların miqdarı artacaqdır. Keyfiyyət isə həmişəki kimi yenə də diqqət mərkəzində olacaqdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarının fermerləri satışa 271,3 ton kənd təsərrüfatı məhsulu çıxarmışdılar. Burada kartof, xurma, əzgil, feyxoa və başqa məhsullar çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, bu gün paytaxt sakinlərinə 20 adda kənd təsərrüfatı məhsulları təklif olunur. Alıcılar məhsulun çeşidindən, qiymətindən və keyfiyyətindən razıdırlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarının fermerləri müxtəlif çeşiddə meyvə-tərəvəz, ağartı və bostan məhsulları satırdılar. Burada əhaliyə almanın və kələmin kiloqramı 30, soğanın kiloqramı 20, kartofun kiloqramı 30-40 qəpiyə təklif olunurdu.
Alıcılar digər məhsulların da qiymətlərinin onlar üçün sərfəli olduğunu söyləyirdilər.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirmişdir ki, bu gün fermerlər yarmarkaya 19,2 ton məhsul çıxarmışlar. Bir neçə saatda həmin məhsulların təxminən 40-45 faizi satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri çuğundur, alma, nar, lobya, soğan, kartof, kələm və digər kənd təsərrüfatı məhsulları gətirmişdilər. Həmin məhsullar da alıcılara ucuz qiymətlərlə təklif edilirdi.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri şənbə günü 47,9 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz idi. Alıcılar Nigar Həşimova, Sənəm Qurbanova, Solmaz Mehdiyeva quru meyvələrin, sitrus məhsullarının, ət-süd məmulatları və konservləşdirilmiş məhsulların keyfiyyətindən və qiymətlərin ucuzluğundan razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada sanitar təmizliyə və qayda-qanuna nəzarət edirdilər.
######
