BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 30-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 11 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu təklif olunurdu. Gədəbəydən Asif Vəliyev gətirdiyi 2 tondan çox kartofun kiloqramını 30-40 qəpiyə satırdı. Alıcı Fatimə Dadaşova hər həftə burada bazarlıq edir. Deyir ki, məhsulun keyfiyyəti yüksək, qiyməti münasibdir.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-3 manat 80 qəpiyə, kök 60-70, xurma 50-70, alma 30-60, kartof və soğan 30-40, yumurtanın biri 10 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində 68 tondan çox, Cəlilabad fermerləri isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada 7 ton məhsul satmışlar. Hər iki yarmarkada qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, qarşıdan gələn bayramlarla əlaqədar dekabr ayından başlayaraq yarmarkalara çıxarılacaq məhsulların çeşidi və miqdarı artırılacaqdır. Keyfiyyət isə həmişəki kimi, yenə də diqqət mərkəzində olacaqdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada bazar günü satılan meyvə-tərəvəzin və süd məhsullarının qiymətləri xeyli ucuz olduğundan şəhər sakinləri burada bazarlıq etməyə daha çox maraq göstərmişlər. İşçi qrupunun qərargahından verilən məlumata görə, Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarının fermerləri iki gün burada 83,6 ton tərəvəz, 121 ton meyvə, 47 ton kartof və digər məhsullar satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa alma, qoz, çuğundur, nar, soğan, lobya, kələm, kartof, kök və digər məhsullar çıxarılmışdı. Qazax və Ağsu rayonlarından gətirilmiş, bazardakından 25-35 faiz ucuz qiymətlərə satılan həmin məhsullar həvəslə alınırdı.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerləri də əhaliyə ucuz qiymətlərə müxtəlif çeşiddə təzə meyvə-tərəvəz, süd və bostan məhsulları təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş 47,9 ton meyvə-tərəvəz satılmışdır. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur.
######
![]() |
![]() |

