BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da, müqəddəs Qurban bayramı ərəfəsində Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 19 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Gədəbəyli Arzu Tanrıquliyev deyir ki, bayram münasibətilə məhsulların çeşidini və miqdarını xeyli artırmışdır. Paytaxta 4 tondan çox kartof, kələm, meyvə, bal və pendir gətirmişdir. Bu məhsulları alıcılara münasib qiymətə təklif edir. Fermer balın kiloqramını 9-10 manata, pendiri 1 manat 50-1 manat 80 qəpiyə, kartofu, kələmi 30 qəpiyə satırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Meyvə, kartof, soğan və ətin alıcısı daha çoxdur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa müvafiq olaraq 67 ton və 7 tondan çox meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Hər iki yarmarkada qiymətlər bazarla müqayisədə 30-35 faiz ucuz idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, müqəddəs Qurban bayramı ərəfəsində məhsulların çeşidi və həcmi artırılmışdır. Alıcılar məhsulun keyfiyyətindən də razılıq edirlər. Gədəbəy, Balakən, Biləsuvar, Cəlilabad və Samux rayonlarının fermerləri daha fəaldırlar. Onların satışa çıxardıqları məhsulların alıcıları daha çoxdur.
M.Rüstəmov onu da qeyd etmişdir ki, əhalinin tələbatı nəzərə alınmış və yarmarkalara qurbanlıq diri heyvanlar gətirilmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş meyvə-tərəvəz, ağartı və heyvandarlıq məhsullarını həvəslə alırdılar. Qurban bayramı münasibətilə yarmarkada bolluq diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, çeşidlər alıcıların arzu və təklifləri nəzərə alınmaqla müəyyənləşdirilir. Fermerlər onların hansı məhsula daha çox tələbatı olduğunu nəzərə alırlar. Bu gün satışa 284 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Müqəddəs Qurban bayramı ərəfəsində A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa çıxarılmış məhsulların çeşidi zənginliyinə görə əvvəlki yarmarkalardan fərqlənirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, sayca 250-ci olan bugünkü yarmarkaya Dəvəçi, Qusar, Salyan, Astara, Oğuz və digər rayonların fermerləri və fərdi torpaq mülkiyyətçiləri 70 tondan artıq meyvə-tərəvəz, ət, süd və digər kənd təsərrüfatı məhsulları gətirmişlər. Bütün məhsullar baytar müayinəsindən keçirilir, satıcıların yarmarkaya gələnlərlə rəftarına, məhsulların keyfiyyətinə, çəkiyə ciddi nəzarət edilir.
Burada həm satıcılar, həm də alıcılar üçün əlverişli şərait yaradıldığına görə, yarmarka son zamanlar təkcə Yasamal rayonunun deyil, paytaxtın digər sakinlərinin də ən çox üz tutduqları məkana çevrilmişdir.
Əmək veteranı Əsgər Babayev deyir:
- Ölkə başçısının dünyada gedən maliyyə böhranı fonunda bazarlarda bahalaşmanın qarşısını almaq məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər məni çox sevindirir. Bunun nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının qiyməti günbəgün aşağı düşür. Gördüyünüz kimi, Qurban bayramı ərəfəsində keçirilən bugünkü yarmarkaya gələnlərin sayı-hesabı bilinmir. Bu, həm insanların alıcılıq qabiliyyətinin yüksəldiyini göstərir, həm də yarmarkaların bir tədbir kimi özünü doğrultduğunu sübut edir.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Sabirabad, Salyan, Masallı və digər rayonlardan 30 tona yaxın müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Ərazidə yaşayanlar burada təklif olunan meyvə, tərəvəz, ət və süd məhsullarını həvəslə alırdılar. Alıcılardan evdar qadın Yeganə Hacıyeva, pensiyaçılardan Əli Məmmədov, Fikrət Alxasov və digərləri paytaxt sakinlərinin, xüsusilə aztəminatlı ailələrin büdcəsinə kömək olan yarmarkaların təşkili üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirmişdir ki, rayon fermerləri bu gün alıcılara 3,5 ton tərəvəz, 2 ton kartof, 1,2 ton meyvə təklif edirlər. Həmin məhsullar bazardakından 20-30 faiz ucuzdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə əlavə edir ki, Qazax və Ağsudan yarmarkaya 19,5 ton məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy fermerlərinin ucuz qiymətlərə satdıqları kənd təsərrüfatı məhsulları da həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Daşkəsən, Oğuz, Astara rayonlarının fermerləri alıcılara 48,1 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər. Daşkəsən rayonunun Qaraqollar kəndindəki “Kəpəz” fermer təsərrüfatından Məhəbbət Verdiyev 100 kiloqramdan çox motal pendiri, Tərtər rayonunun Hüsənli kəndindən İlqar Əhmədov 5 tona yaxın kartof, soğan, Xaçmaz rayonunun Qusarçay kəndindən Məhbubə Fərzəliyeva 3 ton meyvə-tərəvəz gətirmişdilər.
Qurban bayramı ilə əlaqədar burada da məhsulların çeşidi bol idi. Mövsümi məhsullar daha çox alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada təmizliyə və qayda-qanuna nəzarət edirdilər.
######
![]() |
![]() |

