BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 19 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Gədəbəyli Arzu Tanrıquliyev paytaxta 4 tondan çox kartof, kələm, meyvə, bal və pendir gətirmişdir. Bu məhsulları alıcılara münasib qiymətə təklif edirdi. Fermer balın kiloqramını 9-10 manata, pendiri 1 manat 50-1 manat 80 qəpiyə, kartofu, kələmi 30 qəpiyə satırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuzdur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində isə Cəlilabad rayonlarının fermerləri satışa 70 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, yarmarkalarda satışa çıxarılan məhsulların çeşidinin artırılması və keyfiyyətinin yüksəldilməsi alıcıların ürəyincədir. Satılan məhsulların qiyməti bazardakından 30-40 faizə, bəzi məhsullarda isə 50 faizə qədər ucuzdur. Sakinlər meyvə-tərəvəzi, bitkiçilik məhsullarını, ət-süd məmulatlarını, konservləşdirilmiş məhsulları həvəslə alırlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinlərinə alma, narıngi, kartof, qoz, şabalıd, nar, kələm və heyvandarlıq məhsulları təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov dedi ki, bu gün Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Şəmkir və Biləsuvar rayonlarından gətirilmiş 277 tondan çox məhsul alıcılara bazardakından 20-25 faiz ucuz qiymətə satılır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada məhsulların bolluğu və çeşidin müxtəlifliyi alıcıların seçim imkanlarını artırırdı. Paytaxt sakinləri ilə fermerlər arasında mehriban, səmimi münasibət diqqəti xüsusi cəlb edirdi. İşçi qrupundan verilən məlumata görə, Dəvəçi, Qusar, Salyan, Astara, Quba və digər rayonların fermerləri yarmarkaya 71,1 ton müxtəlif çeşidli məhsul gətirmişlər.
Salyan rayonundakı “Hacı Camalxan” kəndli fermer təsərrüfatının satıcısı İsa Məmmədov paytaxtda yarmarkaların keçiriməsinə başlandığı ilk gündən burada müxtəlif çeşidli məhsullar satır. Deyir ki, nümunəvi alqı-satqı üçün yaradılan şəraitə söz ola bilməz.
Yarmarkadan əlidolu çıxan Aygün Babayeva, Tahir Əliyev, Babakişi Qarayev və başqaları məhsul bolluğundan və qiymətlərin münasibliyindən razılıqlarını bildirirdilər. Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binalarin həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı və digər rayonlardan 25 tondan çox meyvə-tərəvəz, ət və süd məhsulları, göyərti gətirilmişdi. Sakinlər sabirabadlı fermer Arif Cəfərovu yaxşı tanıyırlar. Çünki yarmarkalar təşkil olunan gündən bəri hər şənbə günləri burada məhsul satır. Bu dəfə müştərilərinə balqabaq təklif edirdi. Kiloqramı 20 qəpiyə olan məhsulu sakinlər həvəslə alırdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu fermerləri alıcılara 7,2 ton tərəvəz, 5,3 ton meyvə, 7 tondan çox kartof və digər məhsullar təklif edirdilər. Burada kələmin və kartofun kiloqramı 30, alma 20-30, kök 40-60, nar 60-80 qəpiyə satılırdı. Şəhər sakinləri digər məhsulların da qiymətlərinin onlar üçün münasib olduğunu söyləyirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün fermerlər yarmarkaya, ümumilikdə, 19 tondan artıq meyvə-tərəvəz, süd və bostan məhsulları çıxarmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da bolluq nəzərə çarpırdı. Burada Bərdə, Goranboy və Ağstafa fermerləri ucuz qiymətlərə təzə meyvə-tərəvəz satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri satışa 35,5 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Burada da qiymətlər bazardakından 30-35 faizə qədər ucuz idi. Alıcılar meyvə-tərəvəzin, qurudulmuş meyvələrin, qoz-fındığın, ət-süd məmulatlarının və konservləşdirilmiş məhsulların keyfiyyətindən də razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada sanitar təmizliyə və qayda-qanuna nəzarət edirdilər.
######
