REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 16,7 ton məhsul satılmışdır. Paytaxt sakinləri bazardakından 20-25 faiz ucuz təklif olunan təzə və keyfiyyətli məhsulları həvəslə almışlar.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada iki gün ərzində Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 74,4 ton meyvə-tərəvəz, ət, balıq satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin sözlərinə görə, burada bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, istirahət günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalara - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad, Balakən və Şəki rayonlarından gətirilmiş 26,9 ton məhsul satılmışdır. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Xətai rayonunda yerləşən “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada şənbə və bazar günləri Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 123 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuz olmuşdur. Satışa çıxarılan məhsulların keyfiyyəti və qiymətinə nəzarət edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov demişdir ki, iki gün ərzində Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Siyəzən, Bərdə, Goranboy və digər rayonların fermerləri 17 ton məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan fermerləri istirahət günləri 35,8 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikinin nümayəndələri isə 10 min ədəd yumurta satmışlar. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.