BAKIDA NÖVBƏTİ ƏMƏK YARMARKASI İŞƏ BAŞLAMIŞDIR
İki gün davam edəcək tədbirin açılış mərasiminə gəlmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, gənclər və idman naziri Azad Rəhimov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, digər nazirlik, dövlət komitələri və agentliklərin nümayəndələri yarmarkanın işi ilə tanış olmuş, Bakı şəhərinin, eləcə də Abşeron rayonunun müəssisə və təşkilatları tərəfindən təklif olunan iş yerləri, onların şəraiti, əmək haqqı ilə maraqlanmışlar.
Füzuli Ələkbərov kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söyləmişdir ki, işsizliyin ləğv edilməsi dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Əmək yarmarkalarının Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə dəstək olduğunu vurğulayan F.Ələkbərov, bu tədbirlərin nazirliyin məşğulluq xidməti orqanları tərəfindən artıq səkkiz il ərzində keçirildiyini, həmin müddətdə 54 minədək vətəndaşın işlə təmin olunduğunu söyləmişdir. Xatırladılmışdır ki, Bakıda keçirilmiş ötənilki tədbirdə 6 min 284 iş yeri təklif edilmişdi. Bu əmək yarmarkasında isə özəl müəssisələr, dövlət təşkilatları və xarici şirkətlər 6 min 409 iş yeri təklif edirlər. Əmək haqqının ən yüksək həddi 1000 manatdır.
Nazir KİV nümayəndələrinin çoxsaylı suallarına cavab vermişdir.