Bakıda “Rossotrudniçestvo”nun “Yeni nəsil” proqramının 10 illiyi qeyd olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Bakıda “Rossotrudniçestvo”nun “Yeni nəsil” proqramının 10 illiyi qeyd olunub.
Bu proqram sayəsində onlarca gənc azərbaycanlı mütəxəssis “Rossotrudniçestvo”nun dəvəti ilə Rusiyaya səfər edərək müxtəlif ölkələrdən olan iştirakçılarla tanış olublar.
RİMM-in Bakıdakı mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Rossotrudniçestvo”nun rəhbərinin müavini Dmitri Polikanov videobağlantı vasitəsilə giriş nitqi ilə iştirakçılara müraciət edib.
“Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov proqramın Azərbaycan gəncləri arasında əhəmiyyətini və aktuallığını vurğulayıb.
Azərbaycanın Rus İcmasının sədr müavini, siyasi icmalçı və ekspert, Yeni Azərbaycan Partiyası Gənclər Şurasının üzvü Anastasiya Lavrina İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənc Diplomatlarının V Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb, DAVAM Gənclər Hərəkatının Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu haqda məlumat verib, gənc azərbaycanlı prodüser və ssenarist, “Rusiyanın görkəmli azərbaycanlıları” ssenari müsabiqəsinin laureatı Nicat Dadaşov isə bu ilin oktyabrında Moskvada keçirilmiş “LAMPA” Beynəlxalq Kino Festivalı haqqında danışıb.
Görüşdə proqramın məzunları öz xatirələrini bölüşüb və ən yaxşı layihələrini təqdim ediblər.
Xatırladaq ki, “Yeni nəsil” gənclər proqramı “Rossotrudniçestvo” tərəfindən 2011-ci ildən həyata keçirilir. Proqramın əsas məzmunu xarici dövlətlərin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasında ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil və mədəni həyatla yaxından tanış olması, Rusiya ilə onların təmsil etdikləri ölkələr arasında əməkdaşlığın inkişafına dair təkliflərin hazırlanması üçün Rusiya Federasiyasına qısamüddətli səfərlərini təşkil etməkdən ibarətdir. Proqramda iştirak üçün 25-35 yaşlı gənclər dəvət olunur.