Bakıda “Sərhədsiz incəsənət” mövzusunda sərgi açılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında türk iş adamı Nahit Kabakçının xatirəsinə həsr olunmuş Beynəlxalq simpoziumun yekunu ilə bağlı “Sərhədsiz incəsənət” sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov, akademiyanın prorektoru, professor, Xalq Rəssamı Səlhab Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Memar Sinan Gözəl sənətlər Universitetinin rektoru Yalçın Karayağız, Nahid Kabakçının qardaşı Ahmet Kabakçı və başqaları tədbirin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, artıq üçüncü ildir keçirilən beynəlxalq simpozium Təhsil Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti, Qazi Universiteti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.
Yüksek Öğretim Kurumu, Qazi Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında imzalanmış “Mövlana mübadilə” proqramına əsasən keçirilən beynəlxalq simpoziumda Qazi Universitetindən 5, Memar Sinan Gözəl Sənətlər Universitetindən 4, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından 10 tələbə iştirak etmişdir.
Çıxış edənlər iş adamı N.Kabakçının Azərbaycanın sənət adamlarına göstərdiyi əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və maddi dəstəyi ilə reallaşan mədəniyyət layihələrindən söz açmışlar.
Vurğulanmışdır ki, belə tədbirlər gənc rəssamların, heykəltəraşların təcrübə mübadiləsi, müasir yaradıcılıq üslubunu mənimsəmələri baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra simpozimun iştirakçılarına sertifikatlar verilmişdir.
Beş gün davam edəcək sərgidə heykəltəraşlıq, rəngkarlıq və qrafika ixtisasları üzrə tələbələrin 35 işi nümayiş etdirilir.