Bakıda “Startap günləri” başlayıb
Bakı, 6 noyabr, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə noyabrın 6-da Bakıda “Startap günləri”nə start verilib.
AZӘRTAC xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz tədbirin əhəmiyyətini qeyd edərək deyib: “Startap günləri”nin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, internet biznesin inkişafına təkan vermək, milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir”.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə “Startap günləri”nin keçirilməsini gənclər üçün ideyalarla çıxış etmək baxımından yeni imkan kimi dəyərləndirib.
“Bu təlimlər vasitəsilə tələbələr qrup şəklində fəaliyyət göstərməyi öyrənirlər və bu, gələcəkdə onların uğurlu biznes qurmalarına kömək edir. Biz öz növbəmizdə bir dövlət qurumu kimi startapçıları dəstəkləməkdə maraqlıyıq. Azərbaycanın gənc startapçılarının beynəlxalq bazara çıxması və maraqlı məhsul təqdim etməsi müsbət haldır”, - deyə nazir müavini qeyd edib. E.Vəlizadə bu il “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində startaplara daha geniş imkanlar yaradılacağını vurğulayıb.
Noyabrın 8-dək davam edəcək “Startap günləri” çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu” mövzusunda konfrans və yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək.
“Startap günləri”nin əsas tədbirlərindən biri də gənclərin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması olacaq. Həmçinin, beynəlxalq səfərlərdə və tədbirlərdə iştirak edən yerli startapların yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri də təşkil olunacaq.
Startapçılar innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq, peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə, o cümlədən də fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.