BAKIDA ÜÇÜNCÜ ÜMUMRESPUBLİKATURİZM KONFRANSI KEÇİRİLMİŞDİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev konfransda çıxış edərək bildirdi ki, hazırda Azərbaycanda, təxminən 100 turizm şirkəti fəaliyyət göstərir. Onun sözlərinə görə, turizm şirkətlərimiz xarici turistlərin ölkəmizə cəlb edilməsinə, servis xidmətinin yüksəldilməsinə xüsusi diqqət yetirməlidirlər. Nazir turizm biznesinin gəlirliyindən danışaraq demişdir ki, 1990-cı ildə dünyada turizmdən 239 milyard dollar, 1995-ci ildə 350 milyard dollar, 1999-cu ildə isə 455 milyard dollar gəlir əldə olunmuşdur. Dünya Turizm Təşkilatının məlumatına görə, 2001-ci ildə bütün dünyada 693 milyon insan turist səfərinə çıxmışdır. Bu rəqəmin 2010-cu ilədək 1 milyard nəfərdən çox, gəlirin isə 1,1 trilyon olacağı gözlənilir. Əbülfəz Qarayev turizm statistikası sahəsində işlərin gücləndirilməsinin, turizm şirkətlərinin müxtəlif beynəlxalq sərgilərdə fəal iştirakının, mehmanxanalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə dair idarələrarası birgə komissiyanın yaradılmasının zəruriliyini bildirmişdir.
Konfrans iştirakçıları turizm sahəsində işləri yaxşılaşdırmağa və turistləri ölkəyə cəlb etməyə dair təkliflər vermiş və bu məqsədlə tarix-mədəniyyət abidələrimizin çoxluğundan, ləziz mətbəximizdən, yüksək səviyyəli xalq sənətləri əsərlərindən istifadə etməyin vacibliyini vurğulamışlar.