Bakıda Venesuelanın füsunkar təbiətinə həsr olunan sərgi açılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Venesuelalılar çox açıq, mehriban və səmimi insandırlar. Onların qəlbləri həyat sevgisi ilə doludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri azərbaycanlı bloger İradə Qədirova Bakıda təşkil edilən Venesuela Bolivar Respublikasına həsr olunan sərgidə deyib.
Fotosərgidə azərbaycanlı blogerin Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyi, Venesuelanın Turizm Nazirliyi və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının cari ilin avqustunda Venesuelaya təşkil etdiyi səfəri zamanı yaşadığı təəssüratlar əks olunub.
Venesuelanın milli parkı olan Kanaimanı ölkənin ürəyi adlandıran İ.Qədirova, burada insanın təbiətlə iç-içə olacağını, təbiəti daha yaxından hiss edəcəyini qeyd edib.
Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran bu işdə əməyi keçən hər kəsə minnətdar olduğunu bildirərək, ölkəsinin gözəlliklərinin Azərbaycanda nümayiş olunmasından məmnunluğunu ifadə edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.