“BAKININ MUĞAM DÜNYASI”
Bakı Şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Vahid poeziya evində “Bakının muğam dünyası mövzusunda gecə keçirilmişdir.
Xalq artisti, professor Canəli Əkbərov tədbiri açaraq, milli mənəvi-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin, klassik irsimizin qorunmasında və gənc nəslin bu dəyərlər ruhunda tərbiyələndirilməsində ölkə Prezidenti Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatının əhəmiyyətindən, bu istiqamətdə musiqi ictimaiyyətinin və yaradıcı təşkilatların rolundan bəhs etdi.
Xalq artistləri, professorlar Arif Babayev, İslam Rzayev, qocaman tarzən, əməkdar artist Firudin Ələkbərov, şair Ənvər Əhməd, Vahid poeziya evinin direktoru Şahin Verdiyev, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanov və başqaları çıxışlarında təəssüflə vurğuladılar ki, xalq musiqimizin əvəzsiz incilərini istədikləri şəklə salan əksər müğənnilər muğamatı dərindən bilmədiklərinə görə, onu dinləyiciyə bütün incəliklərinə qədər çatdıra bilmirlər. Radio və televiziyalarda, konsert salonlarında, el şənliklərində qondarma nəğmələr, təsniflər baş alıb gedir. Muğamı yalnız gözəl və məlahətli səsi, sərbəst nəfəsi, yaxşı zənguləsi və aydın diksiyası olan xanəndə ifa edə bilər. O, hər bir muğamı dahi Üzeyir Hacıbəyov demişkən, “İfaçılıq sənətinin bütün qaydaları üzrə” oxumalıdır.
Sonra əməkdar artistlər, Mənsub İbrahimovun, Nəzakət Teymurovanın, Gülyanaq və Gülyaz Məmmədova baçılarının, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun, Vamiq Məmmədəliyevin və başqalarının ifasında muğam, təsnif və mahnılar səsləndi.