BAKININ QAZ TƏCHİZATINA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı tədbiri giriş sözü ilə açaraq Cəmiyyətin ayrı-ayrı struktur rəhbərlərinin media nümayəndələri ilə vaxtaşırı keçirilən belə görüşlərinin artıq ənənəyə çevrildiyini diqqətə çatdırdı.
İdarənin rəis müavini Nüsrət Qasımov jurnalistlərə bildirdi ki, hazırda paytaxt əhalisinə gündə 11 milyon 800 min kubmetrdən çox qaz verilir. Bu, son 20 ildə ən yüksək göstəricidir. Ötən il abunəçilərə 2 milyard kubmetr qaz verilmiş, bunun yalnız 17 faizinin dəyəri ödənmişdir. İstifadə olunan qaza görə əhalidən borcu 678 milyard manatı ötmüşdür. Paytaxtda ən aşağı ödəniş Əzizbəyov (7 faiz), Sabunçu (9 faiz), Suraxanı (12 faiz), Binəqədi (16 faiz), Səbail (17 faiz) rayonlarında olmuşdur. Qeyri-dövlət strukturları aldıqları mavi yanacağın dəyərini 100 faiz ödəyir.
Qeyd edildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, indiyədək Bakıda 150 min sayğac quraşdırılmışdır. Bu il isə 300 min sayğacın quraşdırılması nəzərdə tutulur. Sayğacla təmin edilən malikanə tipli 2611 evdə qaz haqqı ödənişi 47 faiz, 3500 istixana üzrə ödəniş 88 faiz təşkil etmişdir. 44 min abunəçinin borcu 1-11 milyon manat civarındadır.
İşlətdiyi qazın haqqını ödəməkdən imtina edən 811 abonent barədə məhkəmə iddiası qaldırılmışdır. Respublika paytaxtında əvvəlcədən mühəndis-kommunikasiya layihələri hazırlanmadan 20 yaşayış massivi salınmışdır ki, bu da qaz təchizatı sistemində böyük problemlər yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı kəndlərinin mavi yanacaqla təminatını yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlər proqramının hazırlanıb Nazirlər Kabinetinə təqdim olunduğunu diqqətə çatdıran rəis müavini, paytaxtın qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə hazırda ətraf kənd və qəsəbələr də daxil olmaqla, 15 ərazidə yeni kəmərlər, qazpaylayıcı şəbəkələrin inşasının davam etdiyini, əsaslı təmir-bərpa işləri görüldüyünü vurğuladı.
Qış mövsümündə əhalinin, əmək kollektivlərinin, sənaye-istehsal müəssisələrinin mavi yanacağa tələbatının fasiləsiz və daha etibarlı şəkildə ödənilməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə ediləcəyini vurğulayan rəis müavini, sonda jurnalistləri maraqlandıran sualları da cavablandırdı.