CƏMİYYƏT
Bakının Sabunçu rayonunda yeni yaradılan parkın açılışı olub
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Balaxanı Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Sabunçu rayonunda yeni salınmış parkın təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Balaxanı Əməliyyat Şirkətinin (BƏŞ) rəhbəri Rövşən Rzayev yeni ərsəyə gətirilən parkın 44 günlük Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsinə həsr edildiyini bildirib. Deyib ki, parkda əkilən ümumilikdə 1923 ağac Ulu Öndərin doğulduğu 1923-cü ili simvolizə edir.
Həmçinin diqqətə çatdırılıb ki, ölkənin enerji resurslarından əldə edilən gəlirlər həmdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Yaradılmış bu park məhz vətəndaşlara göstərilən diqqətin daha bir nümunəsidir.
Qeyd edilib ki, Balaxanı Əməliyyat Şirkətində xeyli şəhid və qazi ailəsi üzvü işlə təmin olunub.
Sonda Balaxanı Əməliyyat Şirkəti və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən birlikdə faydalı layihələrin həyata keçiriləcəyinə əminlik ifadə olunub.