Balakəndə iki tondan artıq çətənə kolu məhv edilib
Bakı, 8 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.