Balakəndə karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə reyd keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə nəzarət tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, polis şöbəsinin rəisi, eləcə də digər aidiyyəti idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə reyd keçirilib. Reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl edilməsi, ictimai nəqliyyatda, qapalı obyektlərdə tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. Həmçinin polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülüb.