BALAKƏNDƏ QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov ölkə Prezidentinin yerli icra orqanları və əlaqədar strukturların rəhbərləri qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat vermiş, rayonda qış mövsümünə hazırlıqla bağlı görülən işlərdən, o cümlədən əhalinin elektrik enerjisi və qazla təminatının vəziyyətindən danışmışdır.
Müşavirədə əlaqədar struktur rəhbərlərinin hesabatları dinlənilmiş, əhalinin, eləcə də idarə və müəssisələrin istifadə etdikləri elektrik enerjisi, təbii qaz və suyun dəyərinin ödənilməsi sahəsində görülən işlər ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
Bildirilmişdir ki, əhali tərəfindən istifadə edilmiş təbii qazın və elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsini təmin etmək məqsədi ilə rayonda genişmiqyaslı sayğacquraşdırma tədbirləri həyata keçirilir. İndiyədək qaz sayğaclarının 90 faizi, elektrik sayğaclarının isə 65 faizi quraşdırılmışdır. İlin sonunadək sayğacquraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulur.
Sayğacların quraşdırılması istifadə olunmuş qazın və elektrik enerjisinin haqlarının yığımına da müsbət təsir göstərir. Noyabr ayında Balakəndə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin ödəniş səviyyəsi 100 faiz, elektrik enerjisinin dəyərinin ödənişi isə 58,5 faiz təşkil etmişdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən hesab olunur.
Dövlət başçısının sədrliyi ilə keçirilmiş müşavirədən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün əlaqədar strukturların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.