Balakəndə səyyar “ASAN xidmət”ə beş gündə 1200-dən çox müraciət qeydə alınıb
Balakən, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Martın 28-dən Balakəndə fəaliyyət göstərən səyyar “ASAN xidmət”ə beş gündə sakinlər tərəfindən 1200-dən çox müraciət olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili şöbəsinin baş məsləhətçisi, “ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Vüqar Cəfərov məlumat verib.
Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Balakən şəhərinin mərkəzində, Rayon Mədəniyyət Mərkəzinin həyətində xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.
Xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlanırlar.
Səyyar “ASAN xidmət” Balakəndə sakinlərə aprelin 26-dək xidmət göstərəcək.