BALAKƏNLİLƏR ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİNİ DAİM UCA TUTURLAR
Xalqımızın dahi oğlunun doğum gününə həsr olunmuş ümumrayon toplantısının iştirakçıları, əvvəlcə ulu öndərin mərkəzi parkda ucaldılmış abidə-kompleksini ziyarət edərək əklil qoymuş, tər çiçəklər düzmüşlər.
“Heydər Əliyev və müasir Azərbaycan” devizi ilə keçirilən toplantıda icra hakimiyyətinin başçısı Asif Məmmədov ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli ömür yolundan, Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsindəki müstəsna rolundan danışmışdır.
Çıxış edənlər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmiş, onun ideya və arzularının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğulamışlar.
Toplantıdan sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə keçirilən və 400-dən artıq idmançının iştirak etdiyi kross qaçışı yarışlarının yekun mərhələsini izləmişlər. Mərkəzi parkda ulu öndərin doğum günü şərəfinə maraqlı ədəbi-bədii proqram nümayiş etdirilmişdir.