“BANK STANDARD”DA YENİ PROQRAM TƏMİNATININ PRAKTİKİ TƏTBİQİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Bank Standard”ın “Arena” filialında “Temenos” şirkətinin “T24” bank sistemi işə salınmışdır.
Bu münasibətlə iyulun 14-də keçirilən mətbuat konfransında “Bank Standard”ın idarə heyəti sədrinin birinci müavini Cavid Quliyev, qurumun Biznes prosesləri və instutisional inkişaf departamentinin direktoru Samir Pzayev çıxış etmişlər. Bildirilmişdir ki, mövcud “RS Bank 5.1” sistemini əvəz edəcək yeni proqram təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılmasını təmin edəcəkdir. Proqramın tətbiqinin ilk mərhələsi cari ilin sonunadək bank proseslərinin “T24”ə tam keçidini nəzərdə tutur. Hazırda digər filialların və baş ofisin yeni proqram təminatına keçidi, o cümlədən zəmanət və akkreditivlərin təqdim olunması ilə bağlı hər növ əməliyyatları əhatə edən “Trade Finance” modulunun tətbiqi üzərində fəal iş gedir. Bundan sonra isə daha 3 əlavə modul - “İnternet Banking”, “Nostro Reconciliation” və “Securities”in tətbiq ediləcəkdir. “İnternet Banking” modulunun tətbiqi bank üçün dönüş nöqtəsi olacaq, internet-bankçılığı həyata keçirməyə və bununla da bir çox xidmətlərin internet məkanına çıxarılmasına imkan verəcəkdir. Ümumiyyətlə isə, yeni proqram təminatı bank əməliyyatlarını daha təhlükəsiz etməyə imkan verəcək, biznes proseslərini dünya səviyyəsinə yüksəldəcək və bununla da “Bank Standard” infrastrukturunun sürətli inkişafını təmin edəcəkdir.
Beləliklə, “Bank Standard” Azərbaycan bank sektorunda “Temenos T24”ün ilk istifadəçisi olmuşdur. Hələlik həm köhnə, həm də yeni bank sistemi ilə işləyən “Arena” filialı iyulun 20-dən sonra bütün əməliyyatları yalnız “T24” proqram təminatı əsasında həyata keçirəcəkdir.
“Temenos” şirkətinin MDB və Baltikyanı ölkələr üzrə direktoru Sergey Metelski bu sistemin üstünlükləri barədə məlumat vermiş, onun Azərbaycanda tətbiqi ilə bağlı daha üç bankla danışıqların aparıldığını da vurğulamışdır. 2008-ci ildə şirkətin respublikamızda ofisinin açılması nəzərdə tutulmuşdur.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.