“BANKLAR HAQQINDA” QANUN LAYİHƏSİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
Komissiyanın sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu qanun ölkəmizdə bank fəaliyyətinin nizamlanması və pul-kredit siyasətinin tənzimlənməsi üçün vacibdir.
Layihə ilə bağlı Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat vermişdir. O demişdir ki, Banklar haqqında 1993-96-cı illərdə qanunlar qəbul olunsa da, onlar indi günün tələblərinə cavab vermir. Bunu nəzərə alaraq mütəxəssislər yeni qanun layihəsi hazırlamış və sənəd bu ilin avqust ayında komissiyada müzakirə olunmuşdur. Müzakirələr zamanı bir sıra haqlı irad və təkliflər səslənmişdi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr tarixli Fərmanından sonra isə belə bir qanunun təkmilləşdirilərək tezliklə işlək mexanizmə çevrilməsinə böyük ehtiyac yaranmışdır. Fərmanda Milli Banka ölkədə bank islahatlarının sürətləndirilməsi, maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi, bank fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb. Ölkəmizdə səfərdə olan Dünya Bankı Direktorlar Şurasının əməkdaşları da bu Fərmanla tanış olmuş və ölkəmizdə bank sisteminin yaxşılaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirmişdir. Milli Bankın, Dünya Bankının və digər beynəlxalq maliyyə qurumları ekspertlərin köməyi ilə layihə daha da təkmilləşdirilmişdir.
Müzakirələr zamanı parlament sədrinin birinci müavini Arif Rəhimzadənin, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin, deputatların və dəvət olunmuş mütəxəssislərin rəyləri dinlənilmişdir.
Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.