BARAK OBAMA TRANSATLANTİK MÜNASİBƏTLƏRDƏ YENİ BAŞLANĞICA ÇAĞIRMIŞDIR
İyulun 24-də Berlinə gələn senator B.Obama burada federal kansler Angela Merkel, federal xarici işlər naziri Frank Valter Ştaynmayer və Berlin şəhərinin meri Klaus Voverayt ilə görüşlər keçirmişdir. Görüşlərdə alman-amerikan münasibətlərinin inkişafı və xarici siyasət məsələlərinə toxunulmuşdur.
Berlin səfərinin zirvə tədbiri isə axşam saatlarında şəhərin mərkəzində yerləşən “Zəfər tağı sütunu” önündə B.Obamanın 200 minədək insanın qarşısında etdiyi çıxışı olmuşdur. O, çıxışı zamanı ABŞ və Avropanı gələcəkdə daha həmrəy olmağa, iqlim dəyişiklikləri və terrorizm kimi problemlərə qarşı birgə mübarizə aparmağa çağırmışdır.
İkinci dünya müharibəsindən sonra “Marşal planı” və Qərbi Berlinə yardım məqsədi ilə yaradılmış hava körpüsü vasitəsilə amerikan xalqının Avropaya onunla həmrəy olmasını göstərdiyini bildirən B.Obama, indi artıq yeni körpülər qurmağın zamanı gəlib çatdığını və transatlantik əməkdaşlığın tərəqqi etməsi arzusunda olduğunu ifadə etmişdir.
Çıxış zamanı senator Obama dünyanın müxtəlif bölgələrindəki münaqişə ocaqlarında, xüsusilə Əfqanıstan, İraq və Yaxın Şərqdə əmin-amanlığın bərqərar olması üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulamış, Avropa və Amerikanın birlikdə İranı öz nüvə proqramından çəkindirməli olduğunu qeyd etmişdir. Senator “nüvə silahinin olmadığı dünya” məqsədinin yenidən gündəmə gətirilməli olduğunu söyləmişdir.
Senator B.Obamanın Berlin çıxışı bir həftəlik səfər müddətində ictimaiyyət qarşısında yeganə çıxışı olması ilə yanaşı, həm də seçkiqabağı mərhələdə onun ABŞ vətəndaşlarına çatdırmaq istədiyi siyasi platformanın əsas məqamlarını özündə əks etdirmişdir.
B.Obama iyulun 25-də Fransaya, şənbə günü isə Britaniyaya yola düşəcək və bununla da bir həftəlik səfərə yekun vuracaqdır.