Bart Muyart Astrid Lindqrenin xatirəsinə həsr olunmuş Beynəlxalq mükafatın laureatıdır
Bakı, 3 aprel, AZƏRTAC
Belçikalı yazıçı Bart Muyart uşaq ədəbiyyatı sahəsində Astrid Lindqrenin xatirəsinə həsr olunmuş Beynəlxalq mükafatın laureatı olub.
AZƏRTAC "Novosti kultura"ya istinadla xəbər verir ki, mükafatın münsiflər heyəti seçim zamanı yazıçının bütün əsərlərinə xas olan xüsusi ahəngdarlığı qeyd edib.
B.Muyart 1978-ci ili yaradıcılıq bioqrafiyasının başlanğıcı sayır. O vaxt o, özünün "Yaradıcılıq elegiyası" poemasını ilk dəfə radioda səsləndirib. 1983-cü ildə uşaq şeirlərini jurnalda çap etdirməklə şair kimi debüt edib. O vaxtdan etibarən yazıçının onlarca kitabı, pyes və şeirlər toplusu nəşr edilib. Hazırda onun əsərləri 22 dilə tərcümə olunub.
B.Muyart təəssüratlarını bölüşərək deyib: "Mənim sevincimin həddi-hüdudu yoxdur. Astrid Lindqren mənim kumirimdir. Onun xatirəsinə həsr olunmuş mükafata növbəti dəfə namizəd irəli sürülmək mənim üçün çox vacib idi. Sözün düzü, hesab edirdim ki, bu mükafatı heç vaxt ala bilməyəcəyəm. Lakin bu baş verdi və mən çox xoşbəxtəm".