Baş nazir: Gürcüstan ABŞ-la azad iqtisadi zona yaratmaq niyyətindədir
Tbilisi, 31 yanvar, AZƏRTAC
Gürcüstan ABŞ-la azad iqtisadi zonanın yaradılmasına dair saziş imzalamaq niyyətindədir. Hazırda bu istiqamətdə ciddi iş gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ekonomist” jurnalına müsahibəsində Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.
O bildirib ki, Gürcüstan regionda Avropa İttifaqı (Aİ) və Çinlə azad iqtisadi ticarəti olan yeganə ölkədir. ABŞ-la da belə bir sənədin imzalanması bizim üçün çox vacibdir. ABŞ Konqresi Gürcüstanla azad ticarətə dair sənədi müdafiə edib: “Biz bundan düzgün istifadə etməliyik. Düzdür bu, elə həmin gün və ya ertəsi gün ixracın iki dəfə artacağı mənasına gəlmir. Amma Aİ və Çinlə tətbiq etdiyimiz rejim sayəsində ixracımızın artması bunun faydalı olduğunu göstərir”.
Baş nazirin sözlərinə görə, Gürcüstan qlobal rəqabət şəraitində inkişaf edir, lakin yenə də uyğunlaşacağı standartlar var: “Biz Avropa İttifaqına tam hüquqlu üzv olmağa çalışırıq. Ona görə ki, bu, siyasi və iqtisadi nəticələr verməklə yanaşı, bizi Avropa standartlarına və kriteriyalarına yaxınlaşdırır”.
“Gürcüstan, ilk növbədə, yeni standartlar müəyyən etməli və bu standartları ölçmək üçün infrastruktur yaratmalıdır. İkincisi isə logistikadır. Təəssüf ki, bizim logistik imkanlarımız ixrac məsələsində rəqabətə davamlılığımızı aşağı salır. Bu məsələ həll olunmalıdır. Ona görə də biz böyük infrastruktur layihələri reallaşdırmalıyıq və 2022-ci ilədək bu layihələr başa çatdırılmalıdır. Bunun üçün də bizə böyük investisiyalar lazımdır”, - deyə M.Baxtadze bildirib.
O qeyd edib ki, ölkə üçün vacib olan üçüncü şərt isə Gürcüstana böyük investorların cəlb olunmasıdır. Bu investorlar gürcü şirkətlərinin dünya iqtisadi zəncirində yer almasına imkan yaradacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi