BAŞ NAZİR TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Həmin gün baş nazir Artur Rasizadə Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanı və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini qəbul etmişdir.
Artur Rasizadə cənab Ərdoğanı parlament seçkilərində inamlı qələbə münasibətilə təbrik etdi və ona siyasi fəaliyyətində uğurlar arzuladı.
Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyaya, gənc, dinamik komandaya türk xalqının göstərdiyi etimaddan danışaraq bildirdi ki, Türkiyə bütün ölkələrlə, o cümlədən Azərbaycanla öz münasibətlərini bundan sonra da sivil səviyyədə qurmaq niyyətindədir. O, bütün sahələrdə Azərbaycan-Türkiyə əlaqələrini genişləndirməyin və dərinləşdirməyin vacibliyini vurğuladı. Cənab Ərdoğanın fikrincə, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikintisinin sürətləndirilməsi, Türkiyə tərəfinin iştirakı ilə bir sıra digər energetika layihələrinin həyata keçirilməsi hər iki ölkənin mənafelərinə cavab verən bu məqsədə xidmət edəcəkdir.
Ədalət və İnkişaf Partiyasının lideri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Türkiyənin dəyişməz qalan mövqeyinə toxunaraq bəyan etdi ki, onun ölkəsi bu münaqişənin beynəlxalq hüquq çərçivəsində dincliklə və ədalətlə həllini alqışlayacaqdır.
Görüşdə baş nazirin müavini Abid Şərifov, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, digər rəsmi şəxslər iştirak edirdilər.