Baş onkoloq: Onkoloji xəstəliklərin müalicəsi üçün Avropaya üz tutmağa ehtiyac yoxdur
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi sahəsində vəziyyət ildən-ilə yaxşılaşır və son illər dünya standartları səviyyəsinə çatdırılıb.
Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimovun AZƏRTAC-a verdiyi məlumata əsasən, digər ölkələrlə müqayisədə ölkəmizdə onkoloji xəstəliklərin sayı xeyli aşağıdır: “Hazırda ölkə əhalisinin sayı 10 milyon nəfərə çatmaq ərəfəsindədir. Qeydiyyata alınan onkoloji xəstələrin sayının 45 min nəfər olduğunu nəzərə alsaq, bu, heç də yüksək göstərici deyil. Yalnız onkologiyada deyil, digər xəstəliklərdə də artım müşahidə edilir. Lakin demoqrafik göstəriciləri nəzərə alıb başqa ölkələrlə müqayisə aparsaq, onun yüksək olmadığını söyləmək olar. Xəstələrin müayinə və müalicəsi Amerika və Avropa ölkələri protokollarına əsasən, yəni dünyada tətbiq edilən ən müasir üsullarla aparılır. Ona görə onkoloji xəstələrin müalicə məqsədilə Avropaya üz tutmasına ehtiyac yoxdur”.