Baş Prokurorluğun əməkdaşı Lissabonda beynəlxalq təlimdə
Bakı, 20 fevral, AZƏRTAC
Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Portuqaliyanın paytaxtı Lissabonda Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi CyberEast layihəsi çərçivəsində “Birgə Təhqiqat Komandaları və xarici xidmət təchizatçıları ilə inkişaf etdirilmiş əməkdaşlıq” mövzusunda regional təlim keçirilib.
Otuzdan çox dövlətin və nüfuzlu beynəlxalq təşkilatlardan 50-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov təmsil edib.
Tədbir zamanı kibercinayətlərin müxtəlif təzahürləri, bu növ cinayətlərin təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, beynəlxalq əməkdaşlıq, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası və onun Əlavə Protokollarında nəzərdə tutulan müddəalar müzakirə edilib. Sonra beynəlxalq ekspertlər tərəfindən kibercinayətlərlə bağlı keyslər üzrə praktiki məşğələlər keçirilib.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.