BAŞ PROKURORLUQDA KEÇİRİLƏN MÜŞAVİRƏDƏ AZƏRBAYCAN PREZİDENTİNİN FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Müşavirəni giriş sözü ilə açan baş prokuror Zakir Qaralovun çıxışında ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri, məhkəmə sisteminin təkmilləşdirilməsi və məhkəmələrin müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının real təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün qanunvericilik bazasının yaradılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin həmin Fərmanının məhkəmə sisteminin müasirləşdirilməsində xüsusi əhəmiyyəti olduğunu vurğulayan baş prokuror bildirmişdir ki, həyata keçiriləcək tədbirlər regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquqi yardıma olan tələbatının ödənilməsi, vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə təminat verəcəkdir.
Daha sonra, məhkəmələrdə dövlət ittihamının müdafiəsini həyata keçirən qurumların əldə etdiyi müsbət iş göstəriciləri, o cümlədən 2005-ci ildə birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apellyasiya protestlərinin 68,3 faizinin və apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kasasiya protestlərinin təqribən 60 faizinin təmin olunmasına dair statistik məlumatlar diqqətə çatdırılmaqla, Fərmanın tələblərinə müvafiq olaraq, Məhkəmə-Hüquq Şurası və Respublika Ədliyyə Nazirliyi ilə əlaqəli şəkildə bu sahədə işin düzgün təşkili üçün həyata keçirilməli olan tədbirlər və qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, bu məsələlərin həlli ilə əlaqədar Baş Prokurorluğun xüsusi komissiyası yaradılmışdır.
Müşavirənin gündəliyində duran məsələ üzrə məruzə ilə çıxış edən baş prokurorun müavini Eldar Nuriyev ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının davamı olan məlum Fərmanın əhəmiyyəti və həlli vacib məsələlərdən, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili ilə əlaqədar konkret təkliflərdən, Fərmanın mahiyyəti və əhəmiyyətinin geniş əhali kütləsinə və ictimaiyyətə çatdırılması üçün təbliğat işlərinin aparılmasının zəruriliyindən danışmışdır.
Əməliyyat müşavirəsində çıxış edən digər natiqlər dövlətimizin başçısının Fərmanının Azərbaycan Respublikasında həyata keçirilən demokratik məzmunlu məhkəmə-hüquq islahatlarının intensivliyinin daha da artırılmasındakı rolunu xüsusi vurğulamaqla, bu istiqamətdə prokurorluq orqanları tərəfindən bütün zəruri tədbirlərin görüləcəyini bildirmişlər.