Baş Prokurorluqla media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələr möhkəmləndirilir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğunda media və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunması və istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Bu məqsədlərə nail olmaq üçün mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sahədə növbəti addım kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və mətbuat xidmətinin birgə təşkilatçılığı ilə medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda keçirilmiş treninq xüsusi qeyd edilib.
Medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və müxtəlif ictimai birliklərin təcrübəli nümayəndələri iştirak edən treninq üzrə maarifləndirici tədbirlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə Baş Prokurorluğun inzibati binalar kompleksinin təyinatına uyğun olan konfrans zalında və auditoriyalarında həyata keçirilib.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən tədbirin ilk günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev tədbirin açılışını etdikdən sonra Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Müstəqil Azərbaycan mediasının inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri”, Real TV-nin baş direktoru Mirşahin Ağayev “Azərbaycanın informasiya sahəsində milli maraqları, bu sahədə olan təhdidlər və media”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “İctimai nəzarət: Vətəndaş cəmiyyəti və dövlət orqanlarının əməkdaşlığı” mövzularında təqdimatla çıxışlar edib, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova tərəfindən “Sosial media və media savadlılığı” mövzusunda dəyirmi masa təşkil edilib, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə istintaq sirri təşkil edən məlumatların yayılmasının yaratdığı fəsadlar barədə mühazirə oxuyub.
Treninqin ikinci günündə “Lent.az” informasiya agentliyinin baş redaktoru Hafiz Heydərov “Rəsmi dövlət qurumu ilə razılaşdırmadan yayılmış məlumatların hüquqi nəticələri”, mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov isə “Mediada istifadə olunan hüquqi terminlərin anlayışı” mövzularında məruzə ilə çıxış ediblər.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.