Batumi Dövlət Universitetində “Azərbaycan Günü” keçirilmişdir
Batumi, 10 may (AZƏRTAC). Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar mayın 10-da Batumi Dövlət Universitetində “Azərbaycan Günü” keçirmişdir.
Tədbirdə Acarıstan Muxtar Respublikasının sədri L.Varşalomidze, Batumi şəhərinin meri R.Çxaidze, mədəniyyət və təhsil naziri Q.Abuladze, kənd təsərrüfatı naziri D.Surmanidze, Batumi Şəhər Şurasının deputatları, Acarıstan Muxtar Respublikası Hökuməti aparatının və digər nazirliklərin məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Acarıstan ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Baş konsul Hüseyn Nəcəfov “Azərbaycan Respublikasının tarixi və bu günü” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycanın zəngin tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Azərbaycan iqtisadiyyatının inkişafı haqqında məlumat vermiş, ölkəmizin əldə etdiyi uğurların məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Heydər Əliyevin başladığı islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələr sırasında yer aldığını diqqətə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Koqda mı qovorim Azerbaydjan” sənədli filmi maraqla qarşılanmışdır.
Qonaqlara Azərbaycanın tarixi yerləri, istirahət zonaları haqqında broşürlər, bukletlər, video CD-lər paylanmışdır.
Hüseyn Nəcəfovun təklifi ilə Batumi Dövlət Universitetinin kitabxanasında “Heydər Əliyev kitab fondu” yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Baş Konsulluğa təqdim olunmuş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, habelə Azərbaycana dair nəşrlər bu fonda hədiyyə olunmuşdur.
L.Varşalomidze, Batumi Dövlət Universitetin rektoru professor A.Bakuridze çıxış edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin gündən-günə möhkəmlənməsi, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının genişlənməsi, tarixə əsaslanan dostluq münasibətlərinin inkişafını xüsusi vurğulamış, əziz gün münasibətilə Azərbaycan xalqını təbrik etmişlər.
Qonaqlara Baş Konsulluq adından ziyafət verilmişdir.
Tədbir və baş konsulun müsahibəsi Acarıstanın “Acariya TV” və “TV-25” kanalları tərəfindən yayımlanmışdır.
######
![]() |
![]() |

