SİYASƏT
Bayrağımız qürur mənbəyimizdir
Şərur, 8 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı Dəmirçi kəndində 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda dəyirmi masa keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bu əlamətdar günün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın Dövlət bayrağı ilk dəfə 95 il öncə - 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında dalğalandırılmışdır.
Qeyd olunmuşdur ki, Dövlət bayrağı haqqında ilk qərar 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədə fəaliyyət göstərərkən verilmişdir. 1918-ci ildə Bakı işğaldan azad edildikdən sonra hökumət Gəncədən paytaxta köçmüş və bir neçə mühüm qərar vermişdir. Onlardan biri də 1918-ci il noyabrın 9-da imzalanan Dövlət bayrağı haqqında qərar idi. 1920-ci il aprel işğalından sonra cümhuriyyətin özü kimi rəmzləri də ləğv edilmişdir. Yetmiş il sonra - 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də “Dövlət Bayrağı Meydanının yaradılması barədə”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Natiq çıxışında xüsusi vurğulamışdır ki, 2011-ci ilin mart ayından Naxçıvan şəhərinin ən yüksək zirvəsində Bayraq Meydanının tikintisi üçün 10 hektara yaxın ərazi ayrılmışdır. Meydanda 53 metr hündürlüyündə bayraq dirəyi ucaldılmışdır.
Sonra partiyanın ərazi təşkilatlarının sədrləri çıxış etmişlər. Qeyd olunmuşdur ki, bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvollaşdırır. Uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə əks etdirir.