“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda foto və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar
Bakı, 9 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda fotomüsabiqə, eləcə də ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin 6-13 yaşlı şagirdləri arasında rəsm müsabiqəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, noyabrın 9-da müsabiqələrin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə müsabiqə iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açılmışdır.
Sonra Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov tədbir iştirakçılarını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, bu gün bizim üçün ikiqat bayramdır. Çünki bu tarixi günü xalqımız yenidən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qeyd edir.
Diqqətə çatdırılmışdır ki, artıq 3-cü ildir keçirilən müsabiqənin iştirakçılarının sayı ildən-ilə artır. Təsadüfi deyildir ki, ən balaca iştirakçının 4 yaşı vardır. Bu, yetişməkdə olan gənc nəslin vətənpərvərlik qürurunun nümunəvi göstəricisidir.
Builki fotomüsabiqəyə ümumilikdə 121 foto təqdim olunmuş, onlardan 90-ı seçilmişdir. Fotomüsabiqə üzrə I, II, III yerin sahibləri müvafiq olaraq Toğrul Abbasov, Ehtiram Cəbiyev və Şahmar Rəfili olmuşlar.
Rəsm müsabiqəsinə isə 524 iş təqdim olunmuş, onlardan 202-si ikinci tura vəsiqə qazanmışdır. Sonda 12 nəfərin işi qalib elan edilmişdir.
Sonra “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda foto və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Müsabiqənin digər iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunmuşdur. Fotomüsabiqə iştirakçılarından mükafatlandırılanlar arasında AZƏRTAC-ın fotomüxbiri Tapdıq Abdullayev də olmuşdur.
Rəsm müsabiqəsinin ən balaca iştirakçıları olan 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzinin “Günəş” rəsm studiyasından 4 yaşlı Fidan Kərimova, Bakı şəhəri Tofiq İsmayılov adına “Uşaq dünyası” qalereyasından 5 yaşlı Nuray Abdullayeva müsabiqənin ən fəal iştirakçıları kimi mükafatlandırılmışlar.
Tədbirdə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilmişdir.
Mərasim boyu Azərbaycan incəsənət ustalarının ifasında konsert və ədəbi-bədii kompozisiya təqdim edilmişdir.