İQTİSADİYYAT
Bayram günlərində dəmir yolu ilə 20 mindən çox sərnişin daşınıb
![Bayram günlərində dəmir yolu ilə 20 mindən çox sərnişin daşınıb](/files/2019/1/1200x630/15465839362763863508_1200x630.jpg)
Bakı, 4 yanvar, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində, dekabrın 27-dən etibarən yanvarın 3-də daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub.
Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20 min 171 sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə günaşırı, dekabrın 30-dan etibarən ayın cüt günlərində Bakıdan, dekabrın 31-dən etibarən ayın tək günlərində isə Gəncədən “Stadler Rail Group” şirkətinin istehsalı olan KISS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb.