Baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıblar
Gəncə, 9 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində ölkənin ayrı-ayrı rayonlarında çalışan 50-dən artıq baytar həkimə ödənişsiz təlim dərslərinin keçirilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrində keçirilən təlimlər baytarlıq istiqaməti üzrə müxtəlif mövzuları əhatə edər və əsasən praktiki dərslərdən ibarətdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, təlimlər baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, ADAU-nun Baytarlıq klinikası, Tədris-təcrübə təsərrüfatı, Müasir Heyvandarlıq kompleksləri,Quşçuluq tədris mərkəzi, Açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, Süni mayalanma tədris mərkəzi və s. baytarlıq sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.
Qeyd edək ki, təkmilləşdirmə kursu ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.