BDU alimləri bimetal nanohissəciklərin təkrar istifadəsini tədqiq ediblər
Bakı, 22 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Sevinc Hacıyeva, həmin kafedranın doktorantı Günay Vəliyeva və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Flora Hacıyevanın həmmüəllif olduqları “Nitratların təmizlənməsində bimetal nanohissəciklərin təkrar istifadəsi” adlı məqalədə FeNi bimetal nanohissəciklərin yüksək miqdarda nitratların təmizlənməsində təkrar istifadəsinə dair aparılmış tədqiqatlar barədə məlumat verilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Müəyyən edilib ki, ilkin sintez olunan FeNi nanohissəciklərinin iştirakı ilə cəmi 5 dəqiqə ərzində nitratların demək olar tam reduksiyası (99,75 faiz) və təmizlənməsi baş verir. FeNi nanohissəciklərinin ikinci istifadəsi zamanı nitratların reduksiyası 64,67 faiz, üçüncü istifadəsində isə 47 faiz təşkil edir. Bimetal nanohissəciklərin nitratların təmizlənməsində təkrar istifadəsi iqtisadi cəhətdən sərfəli olmaqla bərabər, ekoloji təmiz texnologiyaların yaradılması imkanları hesab oluna bilər.
Məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu “IEEE Transactions on Nanotechnology” (IF=2,967) jurnalında yer alıb.