ELM VƏ TƏHSİL
BDU-da “Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans davam edir







Bakı, 1 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi və təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delaver Universiteti, Pakistanın Lahor Universiteti və COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Universiteti və Sivas Cümhuriyyət Universitetinin həmtəşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər” (Modern trends in physics) mövzusunda 8-ci beynəlxalq elmi konfrans davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Konfransın ikinci günü plenar iclaslarda 8 məruzə dinlənilib. Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, Makedoniya və Almaniyadan olan alimlər fizikanın aktual problemlərinə dair məruzələrini təqdim ediblər.
Günün ikinci yarısında konfrans işini 4 bölmə üzrə davam etdirəcək. “Nəzəri və yüksək enerjilər fizikası/səma elmləri və astrofizika” bölməsində 11, “Materialşünaslıq və mühəndislik” bölməsində 11, “Kondensə olunmuş maddələr fizikası” bölməsində 7, “Biofizika” bölməsində 13 məruzə təqdim olunacaq.
Konfrans bu gün yekunlaşacaq.