BDU-da keçirilən “Necə nəşr etməli?” vebinarı tədqiqatçılar tərəfindən maraqla qarşılanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” adlı silsilə vebinarın “Məqalənin təbliğ edilməsi və istinadların artırılması” mövzusunda sonuncu buraxılışı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Vebinar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski, Kristian Vakkari və Sin Skarişbrikin iştirakı ilə reallaşdırılıb.
Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların noyabr ayı buraxılışında araşdırmanın hədəf (düzgün) auditoriyaya çatmasının təmin edilməsi, məqaləyə edilən istinadların sayının artırılması və akademik məqalənin təbliği ilə bağlı praktik məsləhətlər verilib.
Təqdimat xarakterli təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu ilin iyun ayından başlayaraq “Necə nəşr etməli?” adlı silsilə vebinarın əvvəlki buraxılışları da tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. “Jurnalı necə seçməli?” (“How to select a Journal?”), “Məqaləni necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”), “Ekspert rəyi” (“Peer Review”), “Açıq giriş və müəllif hüquqları” (“Open Access and autor rights”) və s. kimi mövzular tədqiqatçılara məqalə yazılışı və nəşri istiqamətində yardımçı olub.