BDU-da neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Hidrometeorologiya kafedrasında “Neft sənayesində tullantı sularının ekoloji effektli təmizlənməsi metodunun işlənməsi” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidənin mövzu üzrə məruzəsi dinlənilib.
Neft sənayesində texnoloji proseslər nəticəsində formalaşan istehsalat tullantı suları (İTS) mürəkkəb tərkiblidir. Dispersli sistemlər kolloid məhlula malik olduğundan həmin suların dərindən, 100 faizə qədər neft məhsulları tullantıları qarışığından (NMTQ) təmizlənməsi bu vaxta qədər həll olunmamış əsas ekoloji problemlərdən biridir. İlk dəfə olaraq istehsalat tullantı sularının mexaniki təmizləyici qurğularda xüsusi müəyyənləşdirilmiş miqdarda ekstragent kimi petroley efirindən, koaqulyant kimi Al2(SO4)3 duzunun 5 faizli məhlulundan, floqulyant (bəzi hallarda, həmçinin pH 9-10 olduqda neytrallaşdırıcı) kimi 5 faizli H2SO4 turşusundan, tələb olunan hallarda neytrallaşdırıcı kimi 5 faizli NaHCO3-dan istifadə edilməklə NMTQ-dən və asılı maddələrdən 100 faizə qədər tam dərindən təmizlənməsi üzrə ekoloji effektli metodika hazırlanıb. Həmin metodikadan istifadə etməklə neft sənayesində formalaşan istehsalat tullantı sularının digər mərhələlərdə fiziki-kimyəvi və bioloji təmizləyici metodlarla təmizlənməsinə ehtiyacın olmaması əsaslandırılıb. İşlənilmiş yeni metodikanın ekoloji və iqtisadi cəhətdən çox böyük əhəmiyyəti var.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.