BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində yay məktəbində iştirak edirlər
Bakı, 30 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Yay məktəbinin məqsədi elektron arxiv şəbəkəsinin yaradılması ilə universitetlərin çap materiallarının, məqalələrin, kitabların və digər elmi nəşrlərin bir platformada toplanması, qorunub saxlanması, onların beynəlxalq aləmə çıxışının təmin edilməsi təcrübəsinin öyrədilməsidir. Azərbaycanda elektron arxiv işini təkmilləşdirmək, aparılan elmi-tədqiqatların profilini yüksəltmək və beynəlxalq sferaya inteqrasiya olunmasına kömək etmək də tədbirin məqsədləri sırasındadır.
Beş gün davam edəcək yay məktəbində Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Yuvaskyla Universiteti (Finlandiya), Università degli Studi dell’Aquila (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutunun (Türkiyə) nümayəndələri iştirak edirlər.
BDU-nu yay məktəbində rektorun rəqəmsallaşma və informasiya üzrə müşaviri Şəbnəm Səfərova, Elmi Kitabxananın direktoru, layihənin universitet üzrə rəhbəri Nigar İsmayılova, kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova və universitetin daha üç əməkdaşı təmsil edir.
Yay məktəbində Avropanın tərəfdaş universitetlərinin nümayəndələri “Açıq elm və institusional repozitoriyaların önəmi”, “Açıq nəşriyyat etikası, müəllif hüquqları, hüquqi problemlər”, “İnstitusional repozitoriyaların texniki tələbləri və xüsusiyyətləri”, “Etibarlı tədqiqat və innovasiyalar, araşdırmam üçün etibarlı nəşriyyatlar” adlı təqdimatlar ilə çıxış edərək təcrübələrini bölüşəcəklər.
Layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəlliflərə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.