BDU-nun gənclər təşkilatlarının fəal üzvləri ilə görüş olub
Bakı, 30 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edib, gənclər təşkilatlarının bu siyasətdə mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, elmi və tədris fəaliyyəti ilə yanaşı, BDU ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. BDU-nun tələbə gənclər təşkilatları universitetin sosial-ictimai həyatının əsas aparıcı qüvvəsinə çevrilib.
Elçin Babayev hazırda BDU-nun dünya reytinqlərində önəmli irəliləyişlər əldə etdiyini və bu məsələdə tələbə gənclərin də danılmaz rolunun olduğunu bildirib, bu fəaliyyətlərdə universitetin daim tələbələrin yanında olduğunu qeyd edib.
Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb.
Qeyd edək ki, hazırda BDU-da “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və “YENİ Klub” fəaliyyət göstərir.