BƏHREYNDƏ İSLAM DÜNYASI İLƏ XRİSTİAN QƏRBİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDİLİR
Konfrans iştirakçıları, bir tərəfdən, “islam dəyərlərini Qərbin sayğısızlığı”ndan müdafiənin yeni metodlarını hazırlamağa, digər tərəfdən isə, ruhən tamamilə müxtəlif olan sivilizasiyaların dinc yanaşı yaşaması üsullarını tapmağa çalışacaqlar. Bəzi ilahiyyatçılar “müsəlmanların öz dinini qorumaq hüquqlarını beynəlxalq səviyyədə dəstəkləməyin zəruri olduğunu” bildirir, digərləri isə “iqtisadi boykotun tətbiqi ila yanaşı, Peyğəmbərin karikatura təsvirlərinə layiqli cavabın üsullarını” da tapmağı təklif edirlər. Onlar deyirlər: “İqtisadi boykot bu cür cahilliyə qarşı mübarizənin yollarından biridir. Lakin biz Qərbi Məhəmmədin kimliyi məsələsində tərbiyə etməli və onunla açıq dialoqa başlamalıyıq”. Müsəlman ilahiyyatçıların fikrincə, islamın və Məhəmməd Peyğəmbərin müsbət obrazının Qərbin xristian cəmiyyətində təbliği gələcəkdə “karikatura böhranı”nın təkrarlanmasının qarşısını almağa imkan yaradar.
Konfransın işinin birinci günündə qızğın diskussiyalar bir nəticə verməmişdir. Doğrudur, bütün ərəb Şərqində Qərb nümayəndəliklərinin dağıdılmasına və adamların həlak olmasına gətirib çıxarmış kütləvi etiraz tədbirlərinə yeni çağırışlar səslənməmişdir. Eyni zamanda, danimarkalı islam ilahiyyatçılarının bu ölkənin mallarına qarşı iqtisadi boykotun dayandırılması barədə çağırışları hələlik cavabsız qalmışdır.