BELARUSDA YAŞAYAN QADIN SOYDAŞLARIMIZ AZƏRBAYCAN QADINLARININ III QURULTAYINA MÜRACİƏT HAZIRLAMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Belarusdakı səfirliyində azərbaycanlı qadınların tanınmış kinorejissor Marqarita Qasımova ilə görüşü olmuşdur. Görüş Belarus Respublikasında yaşayan qadın soydaşlarımızın Azərbaycan qadınlarının sentyabr ayında Bakıda keçiriləcək III qurultayına rəsmi müraciətinin hazırlanmasına həsr edilmişdir. Qarşıdan gələn qurultayın prezident seçkiləri ərəfəsində təşkil edildiyini nəzərə alan yerli diasporun qadın üzvləri Azərbaycan xalqının düzgün seçim edəcəyinə əmin olduqlarını bildirmiş, qadınlarımıza sağlamlıq, uğurlar, adı bütün dünyada hörmətlə çəkilən “Şərq qadını” titulunu bundan sonra da ləyaqətlə daşımağı arzulamışlar.
Səfirliyin dəstəyi ilə kiçik videofilm hazırlanmışdır. Filmdə yerli diasporun nümayəndələrinə qurultay iştirakçılarına müraciət etmək imkanı verilmişdir: “Azərbaycan qadınlarının mənəvi məziyyətləri, müdrikliyi və cazibədarlığı dərin heyranlıq doğurur. Təbiət sizə zəriflik, həssaslıq, çalışqanlıq və nikbinlik bəxş etmişdir. Qadınlarımız bütün fəaliyyət sahələrində - siyasət, biznes, elm və mədəniyyət sahələrində yaxından iştirak edirlər. Doğma Vətənin rifahı naminə yaradıcı əməyinizə görə sizə minnətdarlığımızı bildiririk! Ən başlıcası isə, siz Azərbaycanın yeni nəslini dünyaya gətirməklə dövlətimizin gələcəyini təmin edirsiniz. Buna görə qarşınızda baş əyirik!
Ahıl qadınlara - nənə və analarımıza xüsusi ehtiramımızı bildiririk. Ailə ənənələri, nəsillərin əlaqəsi və davamlı qohumluq münasibətləri onların qayğısı və şəxsi nümunəsi sayəsində yaşayır...”
Hazırlanmış materiallar Bakıya göndərilmişdir və Azərbaycan qadınlarının III qurultayının açılışında təqdim ediləcəkdir.