BELARUSLU MÜTƏXƏSSİSLƏR İSMAYILLI RAYONUNDA İŞGÜZAR GÖRÜŞLƏR KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Belarus Respublikasının Nesvijsk rayonunun mütəxəssisləri İsmayıllı rayonuna gəlmişlər.
Səfər hər iki rayon arasında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Müqavilədə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəzərdə tutulmuşdur. Bu səfərlər zamanı, əsasən, kənd təsərrüfatında mütərəqqi texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi aparılır.
Qonaqlar - Nesvijsk ət istehsalı müəssisəsinin direktoru Yuri Borovitski və rayonun süd emalı zavodunun texnoloqu Valentina Metrakova İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla görüşmüşlər. Onlara rayonda ət və süd məhsullarının istehsalı sahəsində mövcud vəziyyət, həyata keçirilən layihələr barədə məlumat verilmişdir. İsmayıllılıların bu sahədə zəngin ənənəsi olan Belarus heyvandarlarının təcrübəsindən yararlanmaq arzusu ifadə olunmuşdur.
Qonaqlar ətraflı məlumat üçün təşəkkür etmiş, iki rayonun əlaqələrinin onların sosial-iqtisadi inkişafı, Belarus-Azərbaycan münasibətlərinin, xalqlarımızın dostluğunun möhkəmlənməsi işinə töhfə olduğunu bildirmişlər. Onlar İsmayıllıda ət və süd məhsulları istehsalı sahəsində böyük potensialın olduğunu, bu işdə öz təcrübələrini bölüşməyə, lazımi köməyi göstərməyə hazır olduqlarını qeyd etmişlər.
Yuri Borovitski və Valentina Metrakova yerli mütəxəssislərlə də görüşmüş, ətraflı fikir mübadiləsi aparmışlar. Onlar rayonun İvanovka kəndinə gəlmiş, Azərbaycanda yeganə kollektiv təsərrüfatın fəaliyyəti ilə tanış olmuşlar.